Bakıda elmi-praktik konfransda Türk dünyasının elmi birliyi müzakirə olunub VİDEO
Bakı, 10 fevral, Səbinə Əlizadə, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türk Dünyası Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AYB sədri, Xalq yazıçısı Anar Türk dünyası ilə bağlı aktual məsələlərə toxunub. O bildirib ki, hazırda bir sıra icmalar və qurumlar Türk Dövlətləri Təşkilatına müraciət edərək eyni hüquqlu və ya müşahidəçi üzv kimi təmsil olunmaq niyyətlərini ifadə edirlər. Yazıçı müraciətlərin əsas motivinin onların özlərini Türk dünyasının ayrılmaz hissəsi hesab etmələri ilə bağlı olduğunu vurğulayıb.
Xalq yazıçısı qeyd edib ki, türk kimliyi və türk mənsubluğu anlayışı üzərində aparılan axtarışlar və alternativ yanaşmalar təsadüfi deyil. Onun sözlərinə görə, türkologiya sahəsində hələ də ciddi boşluqlar mövcuddur və bu boşluqlar yalnız Avrasiya məkanı ilə məhdudlaşmır. Avropa və Amerika qitələrinə köç etmiş, orada formalaşmış türk izlərinin də elmi və mədəni baxımdan dərindən araşdırılmasına ehtiyac var. Anar vurğulayıb ki, türk kimliyi məsələsi dar çərçivədə deyil, geniş tarixi, mədəni və sivilizasiya kontekstində öyrənilməli, türkologiya elmi yeni mərhələyə qədəm qoymalıdır.
Konfransda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayda qaldırılan məsələlərin bu gün də öz aktuallığını qoruduğunu bildirib. Onun sözlərinə görə, uzun illər ərzində türkologiya əsasən Avropa və Rusiya elmi mərkəzlərində formalaşıb, türk xalqları isə çox vaxt öz tarixlərini, yazılı abidələrini və dil qatlarını kənardan öyrənməyə məcbur olublar. Xalq şairi qeyd edib ki, ortaq əlifba ideyası hələ XX əsrin əvvəllərində irəli sürülsə də, bu günədək tam həllini tapmayıb. Onun fikrincə, “ortaq ədəbi dil” anlayışı real deyil və mümkün də deyil, çünki hər türk xalqının öz zəngin ədəbi dili var. Bu baxımdan söhbət ortaq ədəbi dildən deyil, ortaq ünsiyyət dilindən getməlidir.
Akademik Nizami Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın mahiyyətinə və tarixi kontekstinə toxunaraq bu tədbirin yalnız elmi deyil, eyni zamanda, ictimai-siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Qurultay xalqların, o cümlədən türk xalqlarının öz müqəddəratını təyin etməsi ideyası fonunda keçirilib.
Professor Tofiq Məlikli isə çıxışında Birinci Türkoloji Qurultayın beynəlxalq səviyyəli tədbir olduğunu xüsusi vurğulayıb. O bildirib ki, Rumıniyadan, Rusiyadan, Almaniyadan və digər ölkələrdən alimlərin böyük çətinliklər bahasına Bakıya gəlməsi türkoloji ideyalara olan səmimi bağlılığın göstəricisi idi.
Konfransda Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, onun ideyalarının müasir dövrdə aktuallığı və türkologiya elminin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.