Bakıda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə profilaktik-maarifləndimə tədbirləri keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Paytaxtda ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə mərkəzi küçə və prospektlərlə yanaşı Sabunçu, Xəzər və Pirallahı rayonlarında da profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə profilaktik söhbətlər aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.
Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyənləşdirilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.
Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları ilə fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğunu bildiriblər. Piyada keçidlərindən istifadə etməyən şəxslərə izah olunub ki, yol polisinin əsas məqsədi insanları inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərini aşılamaqdan ibarətdir. Bu səbəbdən həmin şəxslərə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib.
Tədbir zamanı Bakının mərkəzi küçələrində sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Sürücülər və piyadalar arasında profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da davam etdiriləcək.