Bakıda ilk dəfə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlar üçün Konqres keçiriləcək
Bakı, 25 yanvar, Laçın Sultanova, AZƏRTAC
Aprelin 6-da Bakıda qüsurlu inkişaf xüsusiyyətləri olan uşaqlara həsr olunmuş “Fərqli fərdlər” Konqresi keçiriləcək.
Konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini qüsurlu inkişaf xüsusiyyətləri olan uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin inklüziv cəmiyyətin genişləndirilməsi istiqamətində müəyyən etdiyi vəzifələri dəstəkləməkdən ibarətdir.
“Caspian Events Organisers” şirkətindən AZƏRTAC-a bildiriblər ki, tədbir autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, “Turetta” sindromu və Daun sindromu mövzularının müzakirə ediləcəyi dörd paneldən ibarət olacaq. Konqresdə tanınmış beynəlxalq və Azərbaycan mütəxəssisləri, əqli qüsurları olan uşaqların valideynləri, həmçinin qüsurlara rəğmən öz həyatı və uğurlarından danışacaq insanlar çıxış edəcəklər. Tədbirdə, həmçinin dövlət strukturlarının nümayəndələri, qüsurlu inkişaf xüsusiyyətləri olan insanlarla işləyən pedaqoqlar, həkimlər və peşəkarlar iştirak edəcəklər.
Çıxış edənlərin siyahısında klinik psixoterapevt Natalya Yaroşenko (İsveç), psixoloq, Beynəlxalq Disleksiya Mərkəzinin rəhbəri Lora Zakon (İsrail), “Daunsayd Ap” xeyriyyə fondu nəzdində Təhsil Mərkəzinin direktoru Yelena Pol (Rusiya) kimi mütəxəssislərin adları var.
Xüsusi inkişaf problemləri olan uşaqlar üçün öz “normotipik” həmyaşıdları ilə birlikdə təhsil almaq həyati əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Azərbaycanda bu cür uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafına dair dövlət strategiyası”nın qəbul edilməsi ölkəmizdə inklüziv təhsilin inkişafı üçün yeni imkanlar yaradıb.
Ənənəvi olaraq, aprel autizm barədə məlumatlandırma ayıdır. Keçirilən çoxsaylı aksiyalar sayəsində bütün dünyadakı insanlar bu inkişaf pozuntusuna diqqət yetirə və onun haqqında daha çox məlumat əldə edə bilərlər. Hər il aksiyanı dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayı dəfələrlə artır və bu, kampaniyalara olan tələbatın, ən başlıcası, onların səmərəliliyinin göstəricisidir.
Konqresdə iştirak pulsuzdur və fevral ayında başlayacaq ilkin qeydiyyatla həyata keçirilir. Arzu edənlər tədbirə könüllü əsaslarla dəstək verə bilərlər. Bütün maraqlı şəxslər və şirkətlər tərəfdaşlığa dəvət olunur [email protected]; [email protected]. Konqresin təşkilatçıları “Famtram.az” ailə portalı və “Caspian Events Organisers” şirkətidir.