REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). Yanvarın 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada paytaxt sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1 ton ət, 0,5 ton ağartı, 2,5 ton tərəvəz, 3 ton kartof, 1 ton bostan məhsulları, 2,5 ton meyvə, 0,2 ton taxıl məhsulları, 2 min ədəd yumurta təklif olunurdu. Ümumilikdə şənbə və bazar günləri yarmarkaya 23 tondan çox məhsul çıxarılmışdı.
Alıcılar yarmarkada yaradılmış bolluqdan, qiymətlərin ucuzluğundan razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, kələm və soğan 30-40, kartof 50-70, yumurtanın biri 9 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada bir gün əvvəl Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 74,5 ton meyvə-tərəvəz, ət və ağartı məhsulları satışa çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkada bostan-tərəvəz məhsulları, o cümlədən xiyar, pomidor, balqabaq, həmçinin mövsümə uyğun meyvələr, xüsusilə nar, heyva, alma, xurma, həmçinin bayram süfrələri üçün müxtəlif çərəzlər və s. üstünlük təşkil edir. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Alıcılar qiymətlərdən razılıq edirlər. Şənbə və bazar günləri ərzində məhsulların təxminən 80 faizi satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (39,6 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (3,2 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından gətirilmiş ümumilikdə 42,8 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada nar, heyva, üzüm, alma, naringi, kələm, pomidor, xiyar və digər mövsümi məhsulların alıcıları çoxluq təşkil etmişdir. Bazarlarla müqayisədə qiymətlər 20-25 faiz ucuz olmuşdur. Məhsulların təxminən 75 faizi satılmışdır.
Şənbə-bazar günləri məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 179 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.
Şənbə və bazar günləri yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə kartof, soğan, xurma, naringi, pomidor, xiyar, alma, nar və digər məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirmişdir ki, Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya şənbə-bazar günləri Xaçmaz, Tərtər, İmişli, Salyan, Beyləqan, Oğuz rayonlarından daxil olmuş 45,2 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən gətirilmiş 10 min ədəd yumurta artıq satılıb qurtarmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya fermerlər bazardakından 20-30 faiz ucuz qiymətlərə alma, kök, nar, kələm, kartof, çuğundur və digər çeşiddə meyvə-tərəvəzlər, ağartı məhsulları çıxarmışdılar. Goranboy, Bərdə Ağstafa, Siyəzəndən gətirilmiş həmin məhsulları şəhər sakinləri həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək meyvə-tərəvəz, bostan məhsulları satılmışdır.