BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 21-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən, meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, yarmarkada əhaliyə 18,85 ton məhsul, o cümlədən 2,5 ton ət, 0,3 ton ağartı, 7 ton tərəvəz, 5 ton kartof, 4 ton meyvə, 13 min ədəd yumurta, 50 kiloqram bal təklif edilir. Qiymətlər bazardakından 20-25 faiz ucuzdur.
Burada qoyun ətinin kiloqramı 4 manat 50, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-4 manat 20 qəpiyə, bal 9-10 manata, armud 80 qəpik- 1 manat 20 qəpiyə, alma, ərik 40 qəpik-1 manata, gilas, gilənar 80 qəpik-1 manata, gavalı, pomidor 70 qəpik-1 manata, badımcan 60 qəpik-1 manata, alça 50, kartof 30-50, soğan 30, kələm 40, çuğundur, yerkökü 60, xiyar 40-60, yumurtanın bir ədədi 10-11, göyərtinin dəstəsi 10 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermerləri satışa 30 ton məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 20-35 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar bu məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri alıcılara bazardakından 20-25 faiz ucuz qiymətə 5 ton məhsul təklif edirdilər.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkaya Salyan, Qusar, Dəvəçi, Oğuz və digər rayonlardan 48 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Salyanlı fermer Vidadi Ağarzayev bildirdi ki, becərdiyi pomidoru ilk dəfə yarmarkaya gətirmişdir və kiloqramını 1 manata təklif edir.
Kənd Təsərrüfatı Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri satışa nəzarət edir, alıcıların arzu və təkliflərini öyrənirdilər.
Yarmarkada məhsullar bazardakından 20-25 faiz ucuz qiymətə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan və digər rayonlardan gətirilmiş 7 tondan çox məhsul çıxarılmışdı.
Salyanlı Dadaş Məmmədov gətirdiyi pomidorun kiloqramını 80 qəpiyə təklif edirdi. O bildirdi ki, indiyədək bir neçə yarmarkada iştirak etmiş və 2 tondan çox məhsul satmışdır. Fermer növbəti yarmarkalarda da iştirak edəcəyini bildirdi.
Qəsəbə sakinləri məhsulların keyfiyyətinin yüksək, qiymətlərin isə sərfəli olduğunu bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri bazardakından xeyli ucuz olan məhsulları həvəslə alırdılar. Yarmarkaya Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından 225 tondan tondan çox alma, ərik, gilas, albalı, lobya, şaftalı, kartof, tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov məlumat verdi ki, artıq satışa nübar qarpız, yemiş də çıxarılır. Qarpızın kiloqramı 30 qəpiyə, yemişin kiloqramı isə 50 qəpiyə təklif olunur. Hövsan fermerlərinin yarmarkaya gətirdikləri toyuq əti də həvəslə alınır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada şəhər sakinlərinə bazardakından 30-35 faiz ucuz meyvə-tərəvəz və süd məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, yarmarkaya Ağsu fermerləri 10,5 ton, Qazax fermerləri isə 14,4 ton məhsul gətirmişlər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Bərdə və Ağstafalı fermerlər təzə lobya, gilas, ərik, xiyar, gilənar, kartof və heyvandarlıq məhsulları çıxarmışdılar. Alıcılar bu məhsulların qiymətlərinin onlar üçün sərfəli olduğunu bildirirdilər.
######
![]() |
![]() |

