ELM VƏ TƏHSİL
Bakıda “Kulturologiya və Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda konfrans keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında “Kulturologiya və Azərbaycanda insan kapitalının inkişafı” mövzusunda birinci Bakı kulturoloji konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti birgə təşkil etmişdir.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov ölkəmizdə kulturologiya elminin inkişafından, bu sahədə görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, kulturologiya insanın həyatının qorunması və tərəqqisi naminə cəmiyyətin düzgün idarəolunmasının elmi əsaslarını öyrənən və metodologiyasını hazırlayan elmdir. Kulturoloji kateqoriyalar insan fəaliyyətinin universal qanunauyğunluqlarla tənzimləndiyini bir daha təsdiq edir. İnsan həyatının qorunması və rifah halının yaxşılaşdırılması kulturologiyanın əsas prioritet sahəsidir.
F.Məmmədov vurğulamışdır ki, tədbirdə ölkəmizdə insan kapitalının inkişafında kulturologiyanın rolu müxtəlif aspektlərdən araşdırılacaq və bununla bağlı bəzi məsələlərə aydınlıq gətiriləcəkdir. Konfransın öz məqsədlərinə nail olacağına əminliyini bildirən F.Məmmədov onun işinə uğurlar arzulamışdır.
Akademik Urxan Ələkbərov, AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Asif Usubalıyev, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov və başqaları ölkəmizdə insan kapitalının inkişafına xüsusi önəm verilməsindən, bu işdə kulturologiyanın əhəmiyyətindən danışmışlar.
Tədbirdə “İnsan kapitalının mahiyyəti, xüsusiyyətləri və imkanlarının təhlilinə kulturoloji yanaşma”, “Ekosivilizasiya və insan inkişafı”, “İnsan kapitalının inkişafında ailə mədəniyyətinin rolu”, “Elm, təhsil və inkişaf arasında üzvi əlaqə” və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.