Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Beynəlxalq Konqresi öz işinə başlamışdır
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Beynəlxalq Konqresi öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, o cümlədən xarici ölkələrdən 300-ə qədər elm adamı iştirak edir.
Təhsil naziri Misir Mərdanov konqresin Türk dünyasında riyaziyyat elminin müasir nailiyyətlərinin tətbiqi və ümumi inkişaf baxımından vacibliyini vurğulamışdır. Bildirmişdir ki, tədbirə 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən riyaziyyatçı alimlər qatılmışlar.
Qazaxıstanın təhsil və elm naziri Baktyjan Zhumagulov qeyd etmişdir ki, bu ölkə konqresə ən böyük nümayəndə heyəti ilə qatılmışdır. Riyaziyyat elmi sahəsində yeniliklərin türkdilli dövlətlərdə tətbiqi vacib məsələlərdəndir.
Nazir vurğulamışdır ki, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın mədəniyyəti özündə İslam və Avropa dəyərlərini birləşdirir. Son illər burada bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Prezident İlham Əliyevin türkdilli ölkələrlə bağlı məsələlərə böyük diqqət göstərdiyini qeyd edən B.Zhumagulov dövlət başçısının bu sahədə xidmətlərinin əvəzsiz olduğunu demişdir.
TDRC-nın gələcək planlarından danışan nazir B.Zhumagulov bildirmişdir ki, əsas diqqət tələbə və stajorların mübadiləsinə, onların elm-təhsil qrantlarında iştirakının təmin olunmasına yönələcəkdir.
Çıxış edən digər natiqlər türkdilli ölkələrdə riyaziyyat elminin inkişafı baxımından konqresi yüksək qiymətləndirmişlər.
Konqres iyulun 3-də başa çatacaqdır.
######
![]() |
![]() |

