BAKIDA TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN VII İCLASI İŞİNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda Bakıda keçirilən VII iclası mayın 1-də işini davam etdirmişdir.
İclası AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov açaraq gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
Türkiyənin dövlət naziri Mehmet Aydının tədbir iştirakçılarına təbrik məktubunu oxuyan Anadolu Ajansının Baş direktoru Hilmi Bengi Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət və siyasət adamı Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar olaraq VII iclasın Bakıda keçirilməsindən məmnun olduğunu bildirmişdir.
TKA-nın məqsədləri haqqında məlumat verən Hilmi Bengi, Anadolu Ajansının birliyə sədrliyi dövründə görülmüş işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ən əhəmiyyətli məsələlərdən biri TKA-nın internet səhifəsinin istifadəyə verilməsidir.
Hilmi Bengi demişdir ki, Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi ölkələrimiz arasında informasiya mübadiləsinin genişləndirilməsi işinə xidmət edən ortaq bir qurumdur.
TKA-ya sədrliyi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanova təhvil verən Hilmi Bengi əmin olduğunu bildirmişdir ki, yeni dövrdə AZƏRTAC agentliklərimiz arasındakı əməkdalığa əhəmiyyətli töhfə verəcəkdir.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov tədbir iştirakçılarını VII iclasın yekun sənədinin layihəsi ilə tanış etmişdir.
İclas iştirakçıları sənəd layihəsi haqqında fikirlərini söyləmiş, təkliflərini vermişlər. Anadolu Ajansının Baş direktoru Hilmi Bengi, onun müavini Tahsin Aktı, Qazaxıstanın Kazinform agentliyinin prezidenti Dauren Diyarov, Qırğızıstanın “Kabar” agentliyi Baş direktorunun muavini Oleq Ryabov, Şimali Kipr Türk Agentliyinin direktoru Əmir Ərsoy, Tatarinformun direktoru Leonid Tolçinski, Başqırdıstanın Başinform agentliyinin baş direktorunun müavini Alik Şakirov, Krımın Xəbər Agentliyinin baş direktoru xanım Qayana Yüksel çıxış edərək bildirmişlər ki, layihə yüksək səviyyədə hazırlanmışdır.
AZƏRTAC-ın Baş direktoru A.Aslanov iclasa yekun vurmuşdur.
İclas mayın 2-də işini davam etdirəcəkdir.
######
![]() |
![]() |

