CƏMİYYƏT
Bakıda və Masallıda baş vermiş yanğınların yayılmasının qarşısı alınmışdır
Bakı, 17 avqust (AZƏRTAC). Paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 300 kvadratmetr olan inzibati binada
yanğın qeydə alınmışdır.
Hadisə nəticəsində binanın tavanının 30 kvadratmetrlik hissəsi yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını vaxtında ala bilmiş, binanın qalan hissəsini yanğından mühafizə etmişlər.
Sabunçu rayonunda ümumi sahəsi 100 kvadratmetr olan
üçotaqlı evdə baş verən yanğın isə bir otağın və oradakı əşyaların yanması ilə nəticələnmişdir.
Alov söndürülmüş, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Masallı rayonunun Sərçuvar kəndində ümumi sahəsi 154 kvadratmetr olan üçotaqlı evdə yanğın baş vermişdir.
Evin 124 kvadratmetrlik hissəsi yanmışdır.
Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməmişdir.
Faktlarla əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.