ELM VƏ TƏHSİL
Bakıda XIII Beynəlxalq türk dünyası ictimai elmlər konqresi işə başlayıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) XIII Beynəlxalq türk dünyası ictimai elmlər konqresi işə başlayıb.
Konqres ADİU, Türkiyənin İstanbul, Qazi, Sakarya, Uludağ, Cəlal Bayar, Bülent Ecevit, Giresun, Nevşehir Hacı Bektaş Veli universitetləri, Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət, Miras universitetləri, Qırğızıstanın İqtisadiyyat və Biznes Universiteti, Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın 12 ölkəsindən 250-yə yaxın elm adamının iştirak etdiyi beynəlxalq tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, son dövrlərdə respublikamızın liberal bazar iqtisadiyyatının inkişafı fonunda çox ciddi tədbirlər həyata keçirilir. Ölkəmiz Prezident İlham Əliyevin neftsiz iqtisadiyyat qurmaq strategiyasının ən ciddi mərhələsinə qədəm qoyub. Azərbaycanın gələcəyini təmin edə biləcək uğurlu siyasətin ən vacib elementi təhsildir. Dövlətimizin başçısı qara qızılın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi sayır və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürüb. ADİU da bu tələblərin icrası baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, 10 minə yaxın azərbaycanlı tələbə Türkiyədə ali təhsil alır. Azərbaycanda isə minlərlə Türkiyə vətəndaşı təhsil alır. Türkiyənin 2600-ədək şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan yaxın zamanlarda Türkiyəyə ən çox investisiya yatıran ölkə olmağa namizəddir.