BAKIDAKI 7 NÖMRƏLİ ORTA MƏKTƏBİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 nömrəli orta məktəbin 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir.
Milli Məclis deputatlarının, tanınmış alimlərin və təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə məktəblilərin göstərdikləri müxtəlif idman oyunları, Vətən, torpaq, məktəb haqqında oxuduqları mahnılar, söylədikləri şeirlər sonsuz maraq doğurmuşdur.
1928 ci ildə fəaliyyətə başlayan, 1977-ci ildən xalq şairi M.Rahimin adını daşıyan təhsil müəssisəsində bu gün 921 şagirdin təlim-tərbiyəsi ilə 100-dən çox müəllim məşğul olur. Beynəlxalq layihələrdə iştirak edən təhsil müəssisəsi 1999-cu ildən ABŞ Dövlət Departamentinin “Amerika və Azərbaycan məktəbləri arasında təhsil və sağlamlıq mübadilə proqramı”na qoşulmuşdur. Məktəbdə tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Burada şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, dünyagörüşlərini genişləndirmək üçün müxtəlif layihələr həyata keçirilir.
Tədbirdə parlament sədrinin müavini Bahar Muradova, 7 nömrəli məktəbin məzunu, Milli Məclisin sədri Oqtay Əsədovun yubiley münasibətilə təbrik məktubunu oxumuşdur.
Təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
7 nömrəli məktəbin təhsil müəssisələrimiz arasında layiqli yeri olduğunu qeyd edən nazir, əlamətdar gün münasibətilə müəllim və şagirdləri, məzunları təbrik etmişdir.
Səbail rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov, məktəbin məzunu, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova və digər natiqlər də xoş arzularını söyləmişlər.
Məktəbin direktoru Gülnaz Mehdizadə tədbirin iştirakçılarına təşəkkürünü bildirmişdir.
Təhsildə fərqlənən müəllimlərə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilmişdir.
######
![]() |
![]() |

