MƏDƏNİYYƏT
BAKININ BAŞ SƏHNƏSİNİN-RESPUBLİKA SARAYININ 30 YAŞI VAR
30 il bundan əvvəl - 1972-ci il dekabrın 14-də o vaxt Azərbaycan KP MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edən cənab Heydər Əliyevin böyük diqqəti və qayğısı sayəsində Bakının ən əzəmətli ictimai binalarından biri olan Respublika sarayı istifadəyə veşrilmişdir.
İndi bu 30 ilin zaman kəsiyinə nəzər salanda Respublika sarayının inşasının əsl memarı olan, bu işdə çox böyük, fövqəladə zəhmət çəkmiş, sözün əsl mənasında hünər göstərmiş Prezident Heydər Əliyevin xidmətlərini bir daha xatırlamamaq, yada salmamaq, bu müdrik insana, dahi şəxsiyyətə sonsuz minnətdarlıq etməmək mümkün deyildir. Bəli, məhz onun qətiyyəti həmin möhtəşəm sarayın illərdən bəri yarımçıq qalmış inşası davam etdirməyə imkan verdi. Sarayın tikintisinin çox qısa müddətdə və yüksək keyfiyyətdə başa çatdırılması bilavasitə Əliş Ləbəranskiyə tapşırılmışdı. Eyni zamanda Moskvadan, Ukraynadan, Özbəkistandan, Gürcüstandan, Estoniyadan, Latviyadan, Litvadan və Macarıstandan yüksək ixtisaslı mütəxəssislər respublikamıza dəvət olunmuşdu.
“Bakışəhərdövlətlayihə” İnstitutu baş layihə təşkilatı olmaqla, layihəni ”Qiproginopoliqraf” Dövlət Layihə İnstitutunun Leninqrad filialı icra etdi. Yanğın əleyhinə təhlükəsizlik işlərinin layihələşdirilməsi ilə “Soyuzpeçavtomatika” Dövlət layihə institutu, səhnənin, salonun akustika, səsləndirmə və texnoloji avadanlığının quraşdırılması ilə Ukrayna və Macarstan mütəxəssisləri məşğul oldular.
Nəhayət, bu möhtəşəm bina iki il ərzində dünya standartlarına uyğun tikilib istifadəyə verildi.
Bu gün 2158 tamaşaçı tutan rahat salonu, kompüter ilə idarə olunan işıq sistemi, hər iki tərəfə hərəkət edən iki xüsusi döşəməsi, avtomatik idarə edilən səsgücləndirici texnikası, beş dilə tərcümə üçün xüsusi kabinələri olan Respublika sarayı Azərbaycan paytaxtının baş səhnəsidir.
Artıq 30 ildir ki, burada beynəlxalq əhəmiyyətli, dövlət səviyyəli ictimai-siyasi toplantılar, mədəni-kütləvi, tarixi və əlamətdar hadisələrə həsr edilmiş tədbirlər keçirilir, respublikamızın incəsənət xadimləri, xarici ölkələrdən dəvət olunmuş sənətçilər rəngarəng konsert proqramları ilə çıxış edirlər.
Çox əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti kimi cənab Heydər Əliyevin andicmə mərasimləri də məhz burada keçirilmişdir.