SİYASƏT
“Baku” jurnalının Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışı tezliklə Azərbaycan və ingilis dillərində də nəşr ediləcəkdir
Moskva, 27 dekabr (AZƏRTAC). “Baku” populyar beynəlxalq jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr edilmiş “Ad gününüz mübarək, əziz Prezident!” adlı xüsusi nömrəsi çapdan çıxmışdır. “Baku” jurnalının redaksiyasından AZƏRTAC-a verilən məlumata görə, jurnalın xüsusi nömrəsi tezliklə Azərbaycan və ingilis dillərində də nəşr ediləcəkdir.
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva giriş sözündə etiraf edir ki, atasının ad günündə ona nə hədiyyə etmək barədə çox fikirləşmişdir. Leyla xanım Əliyeva yazır: “Sənə nə hədiyyə etmək barədə çox düşündüm və qərara gəldim ki, bu gün səni hər şeydən çox yaxın adamlarının sözləri, doğmalarının arzuları və dostlarının, səninlə ünsiyyətdə olmaq, səni tanımaq, həyatda səninlə yanaşı addımlamaq imkanına malik olan hər kəsin təbrikləri sevindirə bilər!”.
Jurnalda Prezidentin xanımı Mehriban Əliyevanın, qızları Leyla xanım və Arzu xanımın, oğlu Heydər Əliyevin, akademik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Dövlət Mükafatı Laureatı, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin, akademik, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyevin, M.V.Lomonosov adına MDU-nun Bakı filialının rəhbəri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın, tanınmış siyasətçilərin, iş adamlarının, mədəniyyət və incəsənət xadimlərinin, habelə Azərbaycanın müxtəlif regionlarından olan ölkə sakinlərinin çoxsaylı təbrikləri də dərc edilmişdir.
Gözəl tərtibatlı və illüstrasiyalı 182 səhifəlik nəşrdə Prezident İlham Əliyevin uşaqlıq və gənclik dövrü, tələbəlik illəri və siyasi fəaliyyəti haqqında maraqlı məqalələr, çoxsaylı fotoşəkillər dərc edilmişdir.
Yazıçı-publisist Elmira Axundovanın “Heydər və Zərifə Əliyevlər” sərlövhəli məqaləsi Əliyevlər ailəsinin fotoşəkilləri ilə illüstrasiya edilmişdir. Burada Azərbaycan Prezidentinin qeyri-adi keyfiyyətlərə malik olan valideynləri - XX əsrin dünya miqyasında tanınmış lideri Heydər Əliyev və istər Sovet İttifaqında, istərsə də onun hüdudlarından kənarda tanınmış alim, akademik, oftalmologiyada yeni iridodiaqnostika istiqamətinin banisi Zərifə Əliyeva haqqında söhbət açılır.
Müasir Bakının bənzərsiz siması haqqında məqalə və dövlət başçısının quruculuq fəaliyyətinə həsr edilmiş digər materiallar böyük maraq doğurur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva