İQTİSADİYYAT
Balakən rayonu kəndlərinin içməli su ilə təminatı yaxşılaşdırılır
Balakən, 25 dekabr (AZƏRTAC). Balakən rayonu kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu günlərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Tülü və Hənifə kəndlərində yeni qazılan artezian quyuları sakinlərin istifadəsinə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov çıxış edərək əhalinin kommunal xidmətlərlə, o cümlədən içməli su ilə təminatının yaxşılaşdırılması məsələsinin dövlətimizin başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, bu istiqamətdə görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, bu quyuların istismara verilməsi nəticəsində Tülü kəndində 60, Hənifə kəndində isə 100 abonent içməli sudan istifadə edəcəkdir. Bu məqsədlə Tülü kəndində 600 metr, Hənifə kəndində isə 2 min 135 metr uzunluğunda su xətləri çəkilmişdir.
Sakinlər çıxış edərək kənd əhalisinin sosial problemlərinin həllinə, məişət şəraitinin yaxşılaşdırılmasına yönələn belə tədbirləri yüksək qiymətləndirmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.