REGİONLAR
Balakəndə 38 min tondan çox dən qarğıdalı istehsal olunub
Balakən, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Builki mövsümdə rayonun fermerləri 7 min 213 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 173 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 6 min 300 hektaradək sahənin məhsulu yığılıb, 38 min tondan çox dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 61,2 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, 2018-ci ildə rayonun fermerləri 7 min 40 hektar qarğıdalı sahəsindən 43 min ton məhsul əldə ediblər. Cari mövsümdə isə rayonda dən qarğıdalı istehsalının 44 min tona çatacağı gözlənilir.