“BALTİKA” AZƏRBAYCANDA BİZNESİ İNKİŞAF ETDİRİR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Bakıda “Baltika” pivə istehsalı şirkəti” ASC ilə Brasseries İnternationales Holding (Eastern) Ltd (BIH Eastern) arasında “Bakı-Kastel” pivə zavodunun alınması barədə müqavilə bağlanmışdır. Sövdələşmə Azərbaycan antiinhisar orqanlarının təsdiqindən sonra qüvvəyə minəcəkdir.
“Baltika” pivə istehsalı şirkəti” ASC-nin prezidenti Anton Artemyev mətbuat konfrasında bildimişdir ki, dünyanın 47 ölkəsində ixrac fəaliyyətini uğurla həyata keçirən şirkət məhsullarının Cənubi Amerikadan tutmuş Çinə qədər ən müxtəlif bazarlarda təşviq edilməsi sahəsində təcrübə əldə etmiş, öz müəssisələrində lisenziyalı brendlərin, lisenziya sazişinə əsasən Ukrayna və Böyük Britaniyada isə məhsullarının müxtəlif növlərinin istehsalına başlamışdır. İndi isə xaricdə istehsalın idarə olunması praktikası bu təcrübəni daha da zənginləşdirəcəkdir.
Azərbaycan bazarının inkişaf perspektivlərinin nikbin qiymətləndirilməsi, əlverişli investisiya mühiti, Bakı zavodunun və onun brendlərinin bazarda möhkəm mövqeyi zavodu almaq qərarını qəbul etməyə əsas yaratdı.
“Baltika” 2000-ci ildən xarici bazarlara çıxmağa başlamışdır. 8 il ərzində şirkət dünyanın 47 ölkəsinə, o cümlədən Şimali və Cənubi Amerika, Afrika, Skandinaviya və Sakit Okean regionu, Yaxın Şərq, Avropa və MDB ölkələrinə ixrac əməliyyatları həyata keçirir. Şirkətin xaricdə biznesinin inkişafında növbəti mərhələ lisenziyalı istehsaldır. “Baltika” brendi lisenziya sazişinə əsasən 2006-cı ilin dekabrından Ukraynada, 2007-ci ilin aprelindən Böyük Britaniyada istehsal olunur. Bakı pivə zavodu “Baltika”nın Rusiya Federasiyasının hüdudlarından kənarda ilk zavodu, şirkətin tərkibində isə 12-ci zavod olacaqdır.
Anton Artemyevin sözlərinə görə, “Baltika” “Bakı-Kastel” brendinin inkişafını davam etdirəcək və avadanlığın modernləşdirilməsi proqramını işləyib hazırlayacaqdır. Şirkət 2009-cu il mövsümünədək istehsala başlamaq niyyətindədir. “Baltika” “Bakı-Kastel” zavodunun menecment təcrübəsindən və müəssisənin əmək kollektivinin potensialından maksimum dərəcədə istifadə etmək niyyətindədir. “Baltika” 2000-ci ildən Azərbaycana məhsul ixrac edir və hazırda idxal pivə seqmentinin lideri olaraq yerli pivə bazarında 3,5 faiz paya malikdir. Respublikada “Baltika” və “Nevskoye” brendləri tam təmsil olunur. 2007-ci ilin yekunalarına görə, şirkətin respublikada ixrac satışı 14 faiz, “Baltika” brendinin satışı isə 17 faiz artmışdır.
Cənubi Qafqaz regionunda istehsal sahələrinin açılması “Baltika”ya daşıma xərclərini azaltmağa və nəticədə yeni ixrac marşrutları işləyib hazırlamağa imkan verəcəkdir. Azərbaycanın pivə bazarında mövcud vəziyyəti qiymətləndirən şirkət yaxın 3 ildə illik artımın 12-14 faiz olacağını proqnozlaşdırır.
Mətbuat konfransında vurğulanmışdır ki, 2006-cı ildə Azərbaycanda adambaşına pivə istehlakı 3,9 litr, 2007-ci ildə 6 litr olmuşdur ki, bu da MDB ölkələrində və oxşar demoqrafik quruluşlu digər ölkələrdəki orta göstəricidən (54 litr) xeyli azdır.
“Baltika” pivə istehsalı şirkəti” ASC 1996-cı ildən Rusiya pivə bazarının lideri Şərqi Avropada xalq istehlakı mallarının ən iri istehsalçısıdır. “Baltika” brendi Avropada satışa görə 2-ci yeri tutur. Rusiyada şirkətə 11 zavod və geniş brendlər portfeli məxsusdur. ASC-nin 12 mindən çox əməkdaşı var. “Baltika”nın portfelinə 30-dan çox pivə brendi, o cümlədən “Baltika”, “Arsenalnoye”, “Nevskoye”, “Yarpivo” və 10-dan çox qeyri-pivə brendi daxildir.
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov mətbuat konfransında bildirmişdir ki, Rusiya ilə Azərbaycan arasındakı çoxəsrlik münasibətlər yüksək sürətlə inkişaf edir. Son illər Rusiya Azərbaycan bazarına iri sərmayələr qoymamışdı. Səfir vurğulamışdır ki, “Baltika” şirkətinin Azərbaycana böyük maliyyə vəsaiti yatırması bu səbəbdən sevindirici haldır.
######
