İQTİSADİYYAT
Bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edilib
![Bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edilib](/files/2019/2/1200x630/15632745602674510195_1200x630.jpg)
Bakı, 16 iyul, AZƏRTAC
Ötən müddətdə bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə MBNP-nin nümayəndə heyəti iştirak edib. Palataya üzv təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib.
Ötən müddət ərzində bütövlükdə bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24,2 faiz təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələdiyi diqqətə çatdırılıb. Həmçinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası barədə məlumat verilərək bildirilib ki, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ümumilikdə 600,1 milyon manat həcmində ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4 faizini təşkil edir.
Tədbirdə, eyni zamanda, aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Reyestrin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsiri, 122-yerdən 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması haqqında məlumat verilib, Azərbaycanda minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə yüksəldiyi bildirilib.
Görüşdə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılaraq investorların və sahibkarların çoxsaylı sualları cavablandırılıb.