Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edib
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov martın 30-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyib. Baş prokuror müraciətlərdə qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbuluna və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili, habelə aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.