BAVARİYA PARLAMENTİNİN DEPUTATLARI ŞƏKİDƏ OLMUŞLAR
Bavariya parlamentinin nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində mayın 1-də yolüstü Şəki şəhərində olmuşdur.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Bavariya parlamentinin dövlət büdcəsi və maliyyə məsələləri üzrə komissiyasının sədri Manfred Axın rəhbərlik etdiyi nümayəndə heyətinin Şəki ilə ilk tanışlığı Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kiş kəndində yerləşən qədim alban məbədinə ekskursiya ilə başlamışdır.
Məbədin həyətində qonaqları mehribanlıqla qarşılayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov qədim Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri, özünəməxsus milli adət-ənənələri, habelə iqtisadiyyatı və əhalinin məşğulluğu barədə ətraflı məlumat vermiş, ölkələrimiz arasında dostluq əlaqələrinin genişləndirilməsində belə görüşlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Orta əsrlərə aid qəbirlər, bu ərazidə tapılmış maddi-mədəniyyət nümunələri, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar qonaqların böyük marağına səbəb olmuşdur.
Sonra qonaqlar bölgənin ən iri sənaye müəssisəsi olan “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində istehsal prosesi ilə tanış olmuş, çeşidlər otağında müəssisədə istehsal olunan məhsullara baxmışlar. Qonaqlara hədiyyələr təqdim edilmişdir.
Nümayəndə heyəti daha sonra XVIII əsr memarlıq abidələri - Yuxarı Karvansara və Şərq memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, sarayın bərpasında yerli sənətkarlarla yanaşı, almaniyalı mütəxəssislər də yaxından iştirak etmişlər. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından qonaqlara Şəki ilə bağlı hədiyyələr, suvenirlər, bukletlər, kitabçalar təqdim olunmuşdur.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Manfred Ax Azərbaycana səfərlərinin ilk günü qədim tarixə və əsararəngiz təbiətə malik, memarlıq abidələri və mədəniyyət nümunələri ilə zəngin olan bu diyarla tanışlıqdan çox məmnun qaldıqlarını xüsusi qeyd etmiş, şəhərdən xoş əhval-ruhiyyə və zəngin təəssüratla ayrıldıqlarını vurğulamışdır.