İQTİSADİYYAT
Bayram günlərində əhalinin telekommunikasiya və informasiya texnologiyalarına olan tələbatı tam ödəniləcəkdir
Bakı, 7 avqust (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Ramazan bayramı günlərində əhali telekommunikasiya və informasiya texnologiyaları, o cümlədən mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin olunacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təşkil edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcəkdir.
Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində telefonların işinin daimi təmin edilməsi məqsədilə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə əsasən operativ tədbir görülməsi nəzərdə tutulur.
Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcəkdir.