Baytarlıq laboratoriyalarının gücləndirilməsi təhlükəsiz qida istehsalına mühüm töhfə verəcək - ŞƏRH
Bakı, 11 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” yeni imkanlar yaradır.
Bunu yeni təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” ilə bağlı AZƏRTAC-a fikirlərini bildirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, ekspert Asəf Ömərov deyib.
O bildirib ki, güclü baytarlıq laboratoriyaları sağlam heyvandarlığın və təhlükəsiz qidanın təminatıdır: “Heyvandarlığın davamlı inkişafının əsas şərtlərindən biri heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərə qarşı effektiv nəzarət sisteminin mövcudluğudur. Müasir dövrdə heyvan xəstəliklərinə yalnız baytarlıq problemi kimi yanaşmaq kifayət deyil. Bu xəstəliklərin bir qismi insan sağlamlığı üçün də təhlükə yaratdığı halda, digər qismi heyvandarlıq təsərrüfatlarına ciddi iqtisadi zərər vuraraq ərzaq istehsalına və ölkənin iqtisadi təhlükəsizliyinə təsir göstərə bilir. Heyvan xəstəliklərinin iqtisadi təsiri də nəzərə alınmalıdır. Belə xəstəliklərin təsiri yalnız xəstə və ya tələf olmuş heyvanların sayı ilə ölçülmür. Məhsuldarlığın azalması, reproduktiv göstəricilərin pisləşməsi, məcburi kəsim, profilaktika və xəstəliklə mübarizə tədbirlərinə çəkilən əlavə xərclər, heyvanların hərəkətinə qoyulan məhdudiyyətlər, həmçinin heyvan və heyvan mənşəli məhsulların daxili və beynəlxalq ticarətində yarana biləcək maneələr fermerlərin gəlirlərinə və bütövlükdə ölkənin aqrar iqtisadiyyatına təsir göstərə bilər. Bu səbəbdən heyvan xəstəliklərinə qarşı mübarizədə əsas məqsəd yalnız artıq baş vermiş xəstəliyə reaksiya vermək deyil. Müasir baytarlıq sistemi xəstəliyin erkən aşkarlanmasına, sürətli və dəqiq diaqnostikasına, epidemioloji nəzarətə və riskəsaslı profilaktikaya söykənməlidir. Laborator diaqnostika xəstəliklərə nəzarətin əsas sütunlarından biridir. Heyvan xəstəliklərinin erkən müəyyənləşdirilməsində güclü laboratoriya sistemi həlledici əhəmiyyət daşıyır. Klinik əlamətlər bir sıra xəstəliklərdə oxşar ola bildiyindən, yekun diaqnozun təsdiqlənməsi üçün müasir və etibarlı laborator müayinələr tələb olunur. Bu baxımdan ölkədə fəaliyyət göstərən Respublika Baytarlıq Laboratoriyasının və Zona Baytarlıq laboratoriyalarının potensialının davamlı olaraq gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi ilə yanaşı, onların tətbiq etdiyi diaqnostik metodların çeşidinin genişləndirilməsi, keyfiyyət təminatı sistemlərinin inkişaf etdirilməsi, biotəhlükəsizlik və bioloji mühafizə standartlarının gücləndirilməsi, eləcə də mütəxəssislərin davamlı peşə hazırlığı laboratoriya sisteminin effektivliyini müəyyən edən əsas amillərdəndir”.
Asəf Ömərov vurğulayıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən dövlət laboratoriyalarının təkmilləşdirilməsi və onların müayinə imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulur. Bu yanaşma baytarlıq laboratoriyalarının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublika və zona səviyyəsində fəaliyyət göstərən baytarlıq laboratoriyalarının maddi-texniki bazasının modernləşdirilməsi yoluxucu xəstəliklərin daha sürətli aşkarlanmasına və diaqnostik imkanların regionlarda da gücləndirilməsinə şərait yarada bilər.
“Zona Baytarlıq laboratoriyalarının imkanlarının genişləndirilməsi xəstəliklərin məhz yarandığı regionlarda daha sürətli aşkarlanmasına şərait yarada bilər. Nümunələrin uzaq məsafələrə göndərilməsinə ehtiyacın azalması diaqnostika müddətini qısalda, operativ qərarların qəbulunu sürətləndirə və xəstəliyin digər təsərrüfatlara yayılmasının qarşısının alınmasına kömək edə bilər. Burada əsas məsələ yalnız yeni avadanlığın alınması deyil. Laboratoriya şəbəkəsinin inkişafı avadanlıq, müasir diaqnostik metodlar, standart əməliyyat prosedurları, keyfiyyətə nəzarət, biotəhlükəsizlik və bioloji mühafizə, məlumatların idarə edilməsi və peşəkar insan resurslarının vahid sistem daxilində inkişaf etdirilməsini tələb edir. Baytarlıq laboratoriyalarının gücləndirilməsinə qoyulan investisiyanın nəticəsi yalnız laboratoriya daxilində görülən işlərlə məhdudlaşmır. Güclü diaqnostik sistem fermerlərin təsərrüfatlarının qorunmasına, heyvan itkilərinin azaldılmasına, zoonoz risklərin erkən müəyyən edilməsinə, təhlükəsiz heyvan mənşəli məhsulların istehsalına və ölkənin ixrac potensialının qorunmasına xidmət edir. Bu baxımdan 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində laboratoriya sisteminin modernləşdirilməsi Azərbaycanın baytarlıq xidmətinin gələcək inkişafı üçün mühüm imkan yaradır”, - deyə o qeyd edib.