Yazgül Abdıyeva: Tibb işçilərinin əməyinə verilən dəyər səhiyyənin gələcəyinə verilən dəyərdir
Bakı, 11 sentyabr, AZƏRTAC
Səhiyyə sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları insanların sağlamlığı və həyatı ilə bağlı ən məsuliyyətli sahələrdən birində çalışırlar. Onların gündəlik fəaliyyəti yüksək peşəkarlıq, diqqət, səbir və böyük məsuliyyət tələb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva bildirib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü xüsusi qeyd etmək lazımdır. 72 mindən çox tibb işçisini əhatə edən bu təşəbbüs səhiyyə sahəsində çalışan insanların əməyinə və sosial rifahına göstərilən diqqətin mühüm göstəricisidir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni tibbi xidmət imkanlarının yaradılması və kadr potensialının gücləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir. Səhiyyənin inkişafı yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Xüsusilə gələcəyimiz olan uşaqların sağlamlığının qorunması bu istiqamətdə xüsusi diqqət tələb edir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsi məqsədilə TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzinin yaradılması da bu baxımdan əhəmiyyətli addımlardan biridir. Tibb işçisinin fəaliyyətini yalnız iş saatları ilə ölçmək mümkün deyil. Həkimlər və digər səhiyyə əməkdaşları daim biliklərini yeniləyir, yeni müalicə üsullarını öyrənir, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul edir və hər gün insanların sağlamlığı üçün böyük məsuliyyət daşıyırlar. Tibb işçisinin əməyinin arxasında illərlə davam edən təhsil, zəhmət, təcrübə və fədakarlıq dayanır”, - deyə Yazgül Abdıyeva bildirib.
Elmlər doktoru vurğulayıb ki, məhz buna görə həyata keçirilən bu addımlar tibb işçilərinin əməyinə verilən dəyərin, dövlət tərəfindən səhiyyə əməkdaşlarına göstərilən diqqət və qayğının ifadəsidir: “Azərbaycan həkimlərinin yalnız ölkə daxilində deyil, dünya miqyasında da daim yüksək mövqelərdə olması, peşəkarlığı və nailiyyətləri ilə beynəlxalq səviyyədə tanınması arzuolunandır. Müasir tibb müəssisələri, yeni avadanlıqlar, inkişaf edən tibbi texnologiyalar və peşəkar kadrların hazırlanmasına göstərilən diqqət Azərbaycan səhiyyəsinin gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır. Səhiyyənin inkişafından bəhs edərkən yalnız yeni xəstəxanalar, müasir avadanlıqlar və texnologiyalar haqqında danışmaq kifayət deyil. Bütün bu imkanlardan istifadə edən, xəstənin yanında olan, onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıyan tibb işçisinin də daim diqqətdə saxlanılması təqdirəlayiqdir. Bu baxımdan tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması səhiyyə siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır”.
Müxbir - Səbinə Əlizadə