İDMAN
“BBC” Böyük Britaniya komandasının qazandığı qələbələri işıqlandırır
Bakı, 18 iyun, AZƏRTAC
Böyük Britaniyanın “BBC” telekanalı bu ölkənin komandasının “Bakı-2015” birinci Avropa Oyunlarında qazandığı uğurları geniş işıqlandırır.
AZƏRTAC xəbər verir ki, taekvondo üzrə yarışlarda britaniyalı Çarli Meddokdan sonra Ceyd Cons da birinci Avropa Oyunlarının çempionu tituluna sahib çıxıb. C.Consun uğuru “BBC” kanalının rəsmi portalında geniş işıqlandırılıb. Portalda yerləşdirilən məqalədə bildirilir ki, 57 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən 22 yaşlı C.Cons ilk dəfə keçirilən Oyunlarda qalibiyyət sevincini “BBC Sport”-un müxbiri ilə bölüşərək deyib:
“Qızıl medal qazanmaq özümə olan inamımı daha da artırır. Yenidən fəxri kürsünün birinci pilləsində olmağıma görə çox xoşbəxtəm. Yeniyetmələrin Olimpiya Oyunları, Olimpiada və Avropa Oyunlarının qalibiyəm. Bu yuxu kimidir.”
Qeyd edək ki, titullu taekvondoçu həm də “Bakı-2015” birinci Avropa Oyunlarının beynəlxalq atlet elçilərindən biridir. O, müsahibəsində birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.