ELM VƏ TƏHSİL
BDU Çexiyanın Karlova Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb
![BDU Çexiyanın Karlova Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb](/files/2022/1/1200x630/16450993655661626200_1200x630.jpg)
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Çexiyanın Karlova Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb. Protokol tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsini nəzərdə tutur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, protokolu BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova və Çexiyanın Karlova Universitetinin İnkişaf və xarici əlaqələr üzrə dekan müavini Ales Soukup imzalayıblar.
Əsası 1348-ci ildə qoyulmuş Karlova Universiteti Çex Respublikasının və dünyanın ən qədim universitetlərindən biridir. Qırx beş mindən çox tələbənin təhsil aldığı universitetin 17 fakültəsində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Karlova Universiteti QS WUR reytinqində 266-cı pillədədir.