BDU-da tədbir: Müharibə şəraitində psixoloqun fəaliyyətinin xüsusiyyətləri
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Müharibə şəraitində psixoloqun fəaliyyətinin xüsusiyyətləri” mövzusunda tədbir təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Psixologiya kafedrasının doktorantı, klinik psixoloq Əminə Əliyeva “Posttravmatik stres pozuntusu: klinik qiymətləndirmə və psixoterapevtik inteqrasiya” mövzusunda çıxış edib. O, travma sonrası stres pozuntusunun (PTSP) elmi əsasları, diaqnostik meyarları və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib.
Əminə Əliyeva bildirib ki, posttravmatik stres pozuntusu insanın müharibə, zorakılıq, qəza, təbii fəlakət və ya ağır itki kimi hadisələrdən sonra yaşadığı emosional və psixoloji pozuntu formasıdır. O, bu pozuntunun biopsixososial mexanizmləri, simptom dinamikası və effektiv müdaxilə metodları haqqında danışıb.
Klinik psixoloq vurğulayıb ki, Qarabağ müharibəsinin Azərbaycan cəmiyyətinə göstərdiyi psixoloji təsirlər fonunda bu mövzuda tədbirlərin təşkili böyük əhəmiyyət kəsb edir. Müharibə iştirakçıları, qazilər, şəhid ailələri və travma yaşamış mülki şəxslərlə çalışan mütəxəssislər üçün belə görüşlər həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də praktik bacarıqların inkişafı baxımından xüsusi dəyərə malikdir.