BDU-nun Qazax filialında Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Qazax, 25 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun guşəsi ziyarət edilib.
Dəyirmi masada Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək, gənclərin vətənpərvər ruhda yetişməsində müəllimlərin, məktəblərin, ali təhsil ocaqlarının böyük rol oynadığını qeyd edib, BDU-nun Qazax filialında Anım Gününə, şanlı Zəfərimizin beşinci ildönümünə həsr olunmuş tədbirin keçirilməsinin bu baxımdan əhəmiyyətini vurğulayıb.
Filialın direktoru, dosent Arif Rüstəmov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin əsrlər boyu qürurla xatırlanacağını vurğulayıb, bu qalibiyyətin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adının həm hərb tariximizə, həm də xalqımızın qəlbinə əbədi həkk olunduğunu bildirib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının əzmkarlığının, sarsılmaz iradəsinin böyük bir nümunəsidir.
Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov övladının Şuşanın azadlığı uğrunda gedən döyüşlərdəki şücaətindən söz açaraq, şəhidlərimizin qəhrəmanlığının gənclərə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb.
BDU-nun Qazax filialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Qılınc Cəfərov çıxışında 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin, şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarının heç zaman unudulmayacağını qeyd edib.