DÜNYA
Belarus Avropa İttifaqı ilə viza verilməsini sadələşdirmək haqqında sazişi təsdiqləyib
Minsk, 14 aprel, AZƏRTAC
Belarus viza verilməsinin sadələşdirilməsi və icazəsiz qalan şəxslərin readmissiyası haqqında Avropa İttifaqı ilə sazişlərin təsdiqlənməsi prosesini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, təsdiqlənmiş qanunlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun imzası ilə Belarusun milli hüquqi internet portalında dərc olunub.
Sazişdə Belarus tərəfi üçün daha mühüm sayılan cəhətlər ölkə vətəndaşları üçün “şengen” qiymətinin 80 avrodan 35 avroya qədər azaldılması, o cümlədən bir çox kateqoriyadan olan vətəndaşların səfərin məqsədindən asılı olaraq rüsum ödəmədən sadələşdirilmiş qaydada daha uzun müddətə çoxdəfəli viza üçün müraciət edə bilməsidır.
Razılaşmaya görə, vizanın verilməsi haqqında qərar 10 günə qədər olan müddətdə qəbul ediləcək. Bununla yanaşı, qeyri-kommersiya məqsədli pulsuz vizaların verilməsi üçün qaydaların siyahısı da genişləndirilib. Habelə xarici vətəndaşların Belarusda qalma müddəti iki dəfə - bir il üçün nəzərdə tutulmuş 90 gündən 180 günədək artırılıb.
Qeyd edək ki, readmissiya haqqında saziş qüvvəyə mindiyi andan etibarən Belarus və Avropa İttifaqı bir-birinin ərazisində qeyri-leqal qalan vətəndaşlarının, üçüncü dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qarşılıqlı əsaslarla qəbulunu nəzərdə tutur. Həmçinin birgə bəyannamədə Avropa İttifaqının bu sahədə Belarusa texniki və maliyyə dəstəyi göstərməsi barədə öhdəliyi öz əksini tapıb.
Xatırladaq ki, Avropa İttifaqı ilə Belarus arasındakı sadələşdirilmiş viza verilməsi haqqında saziş 2020-ci il yanvarın 8-də imzalanıb. Viza razılaşması vətəndaşların geniş kateqoriyası üçün viza prosedurlarının qarşılıqlı qaydada sadələşdirilməsini və rüsumun azaldılmasını nəzərdə tutur.
Rüstəm Məmmədov
Minsk