MƏDƏNİYYƏT
BELQRADDA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARADILACAQDIR
Bakı, 11 may (AZƏRTAC). Ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü, Serbiya hökuməti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar qəbul olunmuşdur.
Səfirlikdən bildirmişlər ki, Mədəniyyət Mərkəzinin fəaliyyəti zəngin və qədim tarixə malik olan Azərbaycan və serb xalqları arasında körpü rolunu oynayacaq, ziyarətçiləri xalqlarımızın mədəni irsi, tarixi, mədəniyyəti, musiqisi, xalq yaradıcılığı, milli rəqsləri və s. ilə yaxından tanış edəcək, mədəni əlaqələrin inkişafına töhfə verəcəkdir.
Mərkəzin yaradılması, həmçinin xalqlarımız arasında mədəni əlaqələrin yeni səviyyəyə yüksəlməsinə, iki ölkə ziyalılarının, mədəniyyət xadimlərinin, incəsənət ustalarının sıx təmasda olmalarına, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, Azərbaycan və serb mütəfəkkirlərinin, müəlliflərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdikləri nadir əsərlərin hər iki dilə tərcümə edilməsinə və s. kömək edəcəkdir.