REGİONLAR
Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Naxçıvanın tarixi ilə bağlı uğurlu nəticələr əldə edib
![](/files/galleryphoto/2022/2/1200x630/16540650414059125254_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540650414755438633_1200x630.jpg)
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı arxeoloji ekspedisiyaları davam etməkdədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsi və ABŞ-ın Pensilvaniya Universitetinin birgə təşkil etdiyi arxeoloji ekspedisiya 2006-cı ildən Naxçıvanda arxeoloji tədqiqatlar aparır. İndiyədək dünya arxeologiyasında bir çox elmi yeniliyə imza atan ekspedisiya mayın 24-dən Sədərək rayonunda, qədim Kültəpə yaşayış yerində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə tədqiqatlara başlayıb.
Tədqiqatlar zamanı uğurlu nəticələr əldə edilib, şəhər strukturunun, o cümlədən ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət nümunələri aşkar olunub. Aşkar edilmiş arxeoloji materiallar Naxçıvanın eramızdan əvvəl IX-VII əsrlərə aid tarixinin, həmçinin Azərbaycanın qərb bölgələrində və Naxçıvanda məskunlaşan Etiuni tayfalarının yadellilərə qarşı mübarizəsinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir.