BEYNƏLXALQ BİRLİK İLK DƏFƏ MALYARİYAYA QARŞI ÜMUMDÜNYA MÜBARİZƏ GÜNÜNÜ QEYD EDİR
AZƏRTAC xəbər verir ki, beynəlxalq birlik aprelin 25-də ilk dəfə malyariyaya qarşı ümumdünya mübarizə gününü qeyd edir. Bu məqsədlə Birləşmiş Milllətlər Təşkilatının baş katibi Pan Gi Mun müraciətlə çıxış edərək, bu xəstəliyin bəşəriyyət üçün çox təhlükəli olduğunu vurğulamışdır. Hər il malyariyaya yarım milyard adam yoluxur ki, onların da 1 milyondan çoxu tələf olur. Ekspertlər bildirirlər ki, malyariya Afrikada iqtisadi artımı ildə, təqribən 1,3 faiz ləngidərək inkişafın qarşısını alır, məhsul istehsalını azaltmaqla 10 milyardlarla dollar ziyan vurur. Bu xəstəlikdən daha çox əziyyət çəkən ölkələrin büdcələrində çox vaxt səhiyyə məqsədləri üçün nəzərdə tutulan vəsaitin 40 faizi malyariyaya qarşı mübarizəyə yönəldilir. Bu, ictimai səhiyyə, sosial təminat sistemini, eləcə də inkişafı sarsıdır.
Müraciətdə deyilir ki, belə vəziyyət dözülməzdir, çünkü malyariyanın qarşısını almaq, onu müalicə etmək mümkündür.
Malyariyaya qarşı mübarizə aparılmasının zəruriliyindən danışan Pan Gi Mun vurğulamışdır, ki, beynəlxalq birliyin ölümsaçan pandemiyalarla mübarizədə uğurlu təcrübəsi vardır. BMT çiçək xəstəliyinin kökünü kəsmişdir. Hazırda dünya poliomielitin kökünün tamamilə kəsiləcəyi bir məqama yaxınlaşır. Pan Gi Mun müraciətdə deyir: “Biz malyariyanı bir dəfəyə tamamilə yox etmək iqtidarında deyilik. Lakin əlbir fəaliyyət göstərsək, xəstəliklə mübazirə aparıb qurbanların sayını kəskin surətdə azalda bilərik”.
Aprelin 25-də BMT və onun tərəfdaşları malyariyaya qarşı mübarizənin miqyasını genişləndirmək məqsədi ilə ilk dəfə qlobal beynəlxalq təşəbbüs həyata keçirməyə başlayacaqdır.
Beynəlxalq birlik ilk dəfədir ki, bu xəstəliklə tammiqyaslı mübarizə aparmaq qərarına gəlmişdir. Malyariya Afrikanın Böyük Səhradan cənubda yerləşən bütün ölkələrində, Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində əvvəlki kimi pandemik xəstəlik olaraq qalır.
Müraciətdə, həmçinin bildirilir ki, təşəbbüsün qlobal miqyasını nəzərə alan BMT-nin baş katibi Rey Çambersini özünün malyariyaya qarşı mübarizə məsələlərinə dair xüsusi elçisi təyin etmişdir. Pan Gi Mun malyariyadan ölüm hallarına 2010-cu ilədək son qoymağa çağırır.