Beynəlxalq jurnallar üçün məqalələrin yazılması ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 7 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və dəstəyi ilə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar Yol Xəritəsi”nin icrası çərçivəsində görüş keçirilib. Tədbirdə 40-dan çox ali təhsil müəssisəsinin prorektoru, müvafiq struktur bölmə rəhbəri, alimlər və gənc tədqiqatçılar iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi “Scopus”, “Web of Science” bazalarında indeksləşən beynəlxalq nəşr və jurnallarda məqalələrin yazılması və çap olunması istiqamətində bilik və təcrübələrin artırılması olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tədbirin əhəmiyyətini vurğulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Yaşar Ömərov son dövrlər elmin inkişafı istiqamətində nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Ölkəmizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi üçün sözügedən Yol Xəritəsinin əhəmiyyətini qeyd edib.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlər barədə danışıb.
Tədbirdə Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Bakı Mühəndislik Universitetinin elm və innovasiya üzrə prorektoru Elçin Süleymanov, Azərbaycan Universitetinin elm və innovasiya üzrə prorektoru Yusif Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin şöbə müdiri Emin Qəribli, Elmin İnkişafı Fondunun əməkdaşı Bəhruz Nəcəfov təqdimatlarla çıxış ediblər.
Görüşün sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.