CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Miqrasiya məktəbi 4” layihəsinin iştirakçıları ilə görüşüb
Bakı, 15 iyun, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsi çərçivəsində həyata keçirdiyi “Miqrasiya məktəbi 4” layihəsinin iştirakçıları ilə görüşüb.
Bu barədə AZƏRTAC-a BMqT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəliyin rəhbəri Vladimir Qyorqiyev və əməkdaşları tələbələrə BMqT-nin tarixi, prinsipləri, onun qlobal layihələri, beynəlxalq, regional və ölkə səviyyəli işlərdə təşkilatın rolu, nailiyyətləri, regional miqrasiya prosesləri, eləcə də qurumun Azərbaycanda fəaliyyəti haqqında məlumat veriblər. Tələbələr nümayəndəlik tərəfindən həyata keçirilən insan alverinə qarşı mübarizə, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların qayıtması və reinteqrasiyası, Miqrasiya üzrə Regional Təlim Mərkəzi, yeraltı su sistemləri olan kəhrizlərin bərpası kimi layihələrə və Kanada Viza mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlara böyük maraq göstəriblər.
DMX-nin təşəbbüsü ilə həyata keçirilən “Miqrasiya məktəbi” layihəsi gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərin miqrasiya sahəsində biliklərinin artırılması, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar bacarıqları aşılamaq, o cümlədən onları dövlət idarəçiliyi haqqında maarifləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, “Miqrasiya məktəbi” layihəsinin iştirakçıları təşkilatın Azərbaycandakı nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində qurulmuş təlim mərkəzində keçirilən treninqlərə müntəzəm olaraq qatılırlar.
Layihə regionda miqrasiya sahəsində hökumətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.