Beynəlxalq seminar “İnnovasiya texnologiyalarının transferi” mövzusuna həsr olunacaqdır
Bakı, 24 sentyabr (AZƏRTAC). “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə oktyabrın 23-24-də “İnnovasiya texnologiyalarının transferi” mövzusunda Beynəlxalq seminar keçirəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, məqsəd elmi nəticələrin və yeni texnologiyaların kommersiyalaşdırılması yolu ilə Azərbaycanda innovasiya fəaliyyətini iqtisadiyyatın inkişafında əsas faktorlardan birinə çevirməkdir.
Beynəlxalq seminarda Azərbaycan, ABŞ, Kanada, İsrail, Rusiya, Bolqarıstan, Ukrayna və Belarusdan alim və mütəxəssislərin məruzələri dinləniləcəkdir.
Təşkilat komitəsinin qərarına əsasən, AMEA-nın elmi-tədqiqat institutları, universitetlər və istehsal müəssisələrində yeni texnologiyaların tətbiqinə cavabdeh olan alim və mütəxəssislər, innovasiya sahibkarlığı sahəsində fəaliyyət göstərən şəxslərin iştirak edəcəyi seminarda müvəffəqiyyətlə iştirak etmiş şəxslərə müvafiq sertifikatlar veriləcəkdir.
Beynəlxalq seminarda iştirak etmək istəyənlər qeydiyyat formasını (soyadı, adı, atasının adı, təşkilatın tam adı, vəzifəsi, elmi dərəcəsi və adı, təşkilatın ünvanı (poçt indeksi göstərilməklə), ölkə, iş telefonu, e-mail) doldurub oktyabrın 5-dək seminarın təşkilat komitəsinə təqdim etməlidirlər.
Seminar Azərbaycan, ingilis və rus dillərində keçiriləcəkdir.
Təşkilat komitəsi ilə əlaqə: Telefonlar: (+994 12) 492-84-48, (+994 12) 492-66-70, Faks: (+994 12)492-66-70, e-mail: [email protected]