İQTİSADİYYAT
Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur
![Beynəlxalq Valyuta Fondu ilə Vergilər Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur](/files/2013/3/1200x630/1407145128325402365_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə BVF ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuş, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, dövlət büdcəsinin gəlirlər hissəsinin icrası və 2014-2015-ci illər üzrə dövlət büdcəsinin müvafiq proqnoz göstəriciləri barədə fikir mübadiləsi aparılmışdır.
Tərəflər vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin büdcə gəlirlərinə təsirini, “Ödəniş xidmətləri haqqında” Qanun layihəsinin nağdsız hesablaşmaların həcminin artırılmasında gözlənilən rolunu, eləcə də qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində aparılan işləri müzakirə etmişlər.
S. Məmmədxanov qeyd etmişdir ki, Prezident İlham Əliyev hökumət qarşısında qeyri-neft sektorunun daha böyük sürətlə inkişaf etdirilməsi, cari büdcə xərclərinin əsasən vergi daxilolmaları hesabına təmin olunması kimi mühüm vəzifə qoymuşdur. Ölkənin növbəti il üçün sosial-iqtisadi proqnoz göstəriciləri Azərbaycan iqtisadiyyatındakı mövcud inkişaf templərinin davam edəcəyini, xüsusilə də qeyri-neft sektorunda əsaslı artım baş verəcəyini göstərir. Nazir müavini bildirmişdir ki, qarşıdakı ildə vergi sistemində islahatlar prosesi davam etdiriləcək, vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmləri tətbiq olunacaq, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektri genişləndiriləcəkdir.
Azərbaycan iqtisadiyyatının inkişafından danışan Raca Almarzoqi hökumətin qeyri-neft gəlirlərinin artırılması üçün göstərdiyi səyləri və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, vergi sistemində aparılan islahatların əhəmiyyətini, elektron xidmətlər sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.