BİBLİYANIN ÖYRƏNİLMƏSİ “XAÇ ATASI”NIN SİRLƏRİNİ AÇA BİLƏR
Apreldə yaxalanan Bernardo Proventsano 43 il qaçaqaçda olmuşdur. “Pişik” ləqəbli məxfi agent qadın aprelin 11-də onun ucqar bir kənddəki sığınacağına daxil olduqda ona və ya əlaltılarına ünvanlanmış saysız-hesabsız şifrli məlumatlar aşkara çıxarmışdır.
İtaliyada mafiya ilə mübarizəyə başçılıq edən prokuror Pyero Qrasso bildirmişdir ki, müstəntiqlər dünyada ən məşhur cinayətkar sindikatın daxili həyatı haqqında ağlasığmaz miqdarda informasiya almışlar. Amma bəzi məlumatların mənası aydın deyil və şübhə var ki, “Koza nostra”nın başçısı açar kimi Müqəddəs Kitabdan istifadə edirdi.
Təhqiqata yaxın mənbələrdən biri İtaliyanın ANSA agentliyinin müxbirinə demişdir: “Görünür, Bibliyada müəyyən sözlər Proventsanonun xüsusilə mühüm məlumatlarda istifadə etdiyi kod rəqəmləri ilə bağlıdır”.
Çoxsaylı qeydlər olan Bibliya 73 yaşlı Proventsanonun yastığının altından tapılmışdır. O, güclü mühafizə olunan həbsxanaya salındığı gündən bu kitabı ona qaytarmağı dəfələrlə xahiş etmişdir. Lakin müstəntiqlər imtina etmiş və ona kitabın başqa nüsxəsi verilmişdir.
Boss deyir ki, Bibliyanı sadəcə oxumaq yox, başa düşmək lazımdır. Bu “öyüd-nəsihət” müstəntiqləri şübhələndirməyə bilməz. Onların sözlərinə görə, şifri açılmış qeydlərdən iki fakt üzə çıxarılmışdır. Bunlardan biri göstərir ki, Proventsano “Koza nostra”nın fəaliyyətini sərt nəzarətdə saxlayırdı. Sözükeçən qanqster bossa müraciət edərkən “vossia” sözünü işlədirdi ki, bu da “siz” sözünün çox hörmətli və arxaik formasıdır.
Qeydlər müstəntiqlərin belə bir şübhəsini də təsdiqləmişdir ki, mafiya öz sıralarına yeni üzvlər cəlb etməkdə çox böyük çətinlik çəkirmiş. Rəsmi hesablamalara görə, “Koza nostra” üzvlərinin sayı 2000-ci ildən bəri 5 min nəfərdən təxminən 2,7 min nəfərədək azalmışdır.