ELM VƏ TƏHSİL
Big Data problemlərinin həlli uğurun rəhnidir
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) aparılan əsas elmi-tədqiqat istiqamətlərindən biri də aktual problemlərdən olan böyük həcmli verilənlərin (Big Data) təhlilidir. Müasir dövrdə müxtəlif informasiya texnologiyaları şirkətlərinin, dövlət qurumlarının fəaliyyətində Big Data problemlərinin həlli uğurun əldə olunmasında böyük rol oynayır.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, institutda keçirilən növbəti elmi seminar da Big Data-nın təhlili problemlərinə həsr olunub.
Seminarda institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımovanın “Big Data təhlil: əsas platformalar, mövcud yanaşmalar və problemlər” mövzusunda məruzəsi dinlənilib.
Diqqətə çatdırılıb ki, Big Data təhlilinin aparılmasında əsas məqsəd böyük verilənlərdən gizli qanunauyğunluqları, naməlum korrelyasiyaları, bazar tendensiyalarını, müştərilərin istəklərini və digər faydalı məlumatları əldə etməkdir. R. Qasımova verilənlərin tipləri, Big Data-nın xarakteristikası, toplanması, saxlanması və analitik emalı üçün istifadə olunan müvafiq texnologiyalar, tətbiq sahəsindən asılı olmayaraq BV-nin emalının əsas texnoloji mərhələləri haqqında məlumat verib.
Sonra mövzu üzrə ətraflı müzakirələr aparılıb.