İQTİSADİYYAT
Biləsuvarda həyata keçirilən abadlıq-quruculuq işləri rayonun simasını dəyişir
Biləsuvar, 13 iyul (AZƏRTAC). Son illər Biləsuvarda həyata keçirilən geniş abadlıq-quruculuq işləri rayonun simasını büsbütün dəyişməkdədir. Hazırda rayonda yeni yollar çəkilir, Heydər Əliyev prospekti yenidən qurulur, məktəb və uşaq bağçaları tikilir, mərkəzi xəstəxana əsaslı təmir olunur.
AZƏRTAC xəbər verir ki, iki hektardan çox ərazini əhatə edən Heydər Əliyev parkı, icra hakimiyyətinin və Ulu Öndərin adını daşıyan Mərkəzin yeni inzibati binaları, fəvvarə kompleksi və digər müasir tikililər şəhərə xüsusi yaraşıq verir. Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinin davamı olaraq yolun eni 3 metr genişləndirilərək 12 metrə çatdırılmış, prospekt boyunca piyada səkiləri salınmış, yeni işıqlandırma sistemləri qurulmuşdur. Şəhərin ümumi görkəminə xələl gətirən köhnə tikililər restavrasiya olunmuş, prospekt boyunca nəfis tərtibatlı hasarlar çəkilmiş və yaşıllıq zolaqları salınmışdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına hazırda 120 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunur. Həmçinin 450 yerlik Aşağı Cürəli və 640 şagird yerlik Xırmandalı məktəbləri üçün tikilən yeni binalarda tamamlama işləri gedir. Hər iki bina yeni dərs ilində istifadəyə veriləcəkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvar şəhərində tikilən 100 yerlik uşaq bağçasının tikintisi də başa çatmaq üzrədir. Digər 200 yerlik bağça binasının tikintisi isə sürətlə davam etdirilir.