Biləsuvarda mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Biləsuvar, 31 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvar şəhərindəki 4 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova bildirib ki, ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar daima azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.
Qeyd olunub ki, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar olub.
Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Bu müddət ərzində erməni vəhşiliklərinin nəticəsində yüz minlərlə dinc sakinlərimiz, qocalarımız, qadınlarımız, uşaqlarımız öldürülmüş, ölkəmizə yüz milyardlarla manatlıq ziyan vurulmuş, yüzlərlə kəndlərimiz, şəhərlərimiz məhv edilmişdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətləri açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı.
Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.
L.Yüzbaşova çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağını əminliyini ifadə edib.
Tədbirdə çıxışçılar millətçi-separatçı ermənilərin qəsbkarlığı nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal olunmasını, bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsini, minlərlə insanın şəhid olması faktını bir daha xatırladaraq, bu qan yaddaşının unudulmaması, xalqın tarixinin dərindən öyrənilərək gələcək nəsillərə çatdırılmasının gənclərin vətənpərvərlik tərbiyəsində əsas şərt olduğu qeyd etmişlər.
Sonda tədbir iştirakçıları Azərbaycanlıların soyqırımından bəhs edən sənədli filmə və rəsm sərgisinə baxıblar.