Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsinə dair müzakirələr aparılıb
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda “Elm günü” ilə bağlı “Açıq qapı” keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Validə Əlizadə “Elm günü”nü Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisə kimi qiymətləndirib, elmin cəmiyyətin inkişafında xüsusi rolunu vurğulayıb. Bildirib ki, dövlət başçısının 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Elm günü”nün təsis olunması Azərbaycan ziyalısına və elminə qayğının nəticəsidir. Akademik Botanika İnstitutunu qədim və tanınmış tarixə malik olan elmi müəssisə kimi təqdim edib, onun müasir istiqamətlərindən söz açıb. Həmçinin institutun innovativ fəaliyyətində gənclərin rolu, xarici təcrübə və dünya elminə inteqrasiya, alimlərin strateji əhəmiyyətli yollar seçməsinin vacibliyi və elmi uğurları haqqında danışıb.
Tədbirdə institutun elmi fəaliyyəti haqqında sərgi və videoçarx nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları institutun zəngin Herbari Fondu, Botanika Muzeyi, müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları ilə tanış olublar.
Tədbir çərçivəsində Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda “Qış otlaqlarında bəzi yem bitkilərinin keyfiyyət göstəricilərinin və məhsuldarlığının təyini”, “Böyük Qafqazın meşə ekosistemlərinin bitki müxtəlifliyi və mühafizəsi”, “Mərkəzi Kür-Araz ovalığının şoranlaşmış torpaqlarında davamlı kənd təsərrüfatı” və digər mövzularda məruzələr dinlənilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.