Bir qrup sağlamlıq imkanları məhdud gəncə peşə şəhadətnamələri verilib
Bakı, 6 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi üçün növbəti imtahan keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşpaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub. İmtahandan keçə bilməyən gənclərin isə hazırlığının bir ay uzadılması qərara alınıb.
Ötən dövrdə Peşə Reabilitasiya Mərkəzinə ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc qəbul edilib. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Hazırda müəssisədə 100-dən çox gənc peşə təlimi alır.