REGİONLAR
Birinci Avropa Oyunlarının qalibi Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılanıb
![](/files/galleryphoto/2015/2/1200x630/14347914621386618300_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14347914625543922367_1200x630.jpg)
Balakən, 20 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalçısı Rəsul Çunayev iyunun 20-də doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Balakən şəhərinin girişində rayon ictimaiyyətinin nümayəndələri, gənclər, idmançılar ilk Avropa Oyunlarının çempionunu böyük sevgi ilə qarşılayıb, musiqi və rəqs kollektivləri çempionun qarşısında konsert proqramı ilə çıxış ediblər.
Birinci Avropa Oyunlarının qəhrəmanı Rəsul Çunayev və onu müşayiət edən şəxslər əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətində keçirilən görüşdə çıxış edənlər ilk Avropa Oyunlarında öz uğurlu çıxışı və qələbəsi ilə xalqımıza böyük sevinc bəxş edən Rəsul Çunayevi möhtəşəm qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıblar.
Birinci Avropa Oyunlarının çempionuna rayon icra hakimiyyətinin fəxri fərmanı və qızıl saat təqdim olunub.
Rəsul Çunayev ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısına görə idmançılar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.