BMT-nin sülhməramlı missiyası ilə bağlı konfrans keçirilib
Bakı, 30 mart, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın sülhməramlı missiyası ilə bağlı 60 ölkədən müdafiə nazirlərinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da tədbirdə iştirak edib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın baş katibi Antonio Quterreş “mavi dəbilqəlilər”in uzun illər dünyada sülhün və sabitliyin qorunmasına töhfə verdiyini deyib. Onun sözlərinə görə, hazırda münaqişələrin xarakteri dəyişib və sülhməramlı qüvvələrin də fəaliyyəti yenidən təşkil edilməlidir. Belə ki, onlar çevik hərbi hissələrə çevrilməli, hərbi helikopterlərlə təchiz olunmalıdır. Baş katib vurğulayıb ki, bu qoşunların tərkibində daha çox qadın hərbi qulluqçular xidmət etməlidir.
A.Quterreş xatırladıb ki, 2018-ci ildə BMT-nin sülhməramlı qüvvələrinin 27 əsgəri həlak olub. İclas iştirakçıları onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş katib bildirib ki, üzv dövlətlər sülhməramlı missiya üçün hərbi qulluqçular, əlavə maliyyə vəsaiti və polislər ayırmalıdır. O, bu məqsədlə ötən ilin sentyabrında birgə öhdəliklər haqqında Bəyannamə də təqdim etdiyini, artıq 150 ölkənin bu sənədi imzaladığını bildirib.
BMT-nin rəhbəri deyib: “Artıq nəticələr əldə etmişik. Keçən il həlak olan sülhməramlıların sayı azalıb. Missiyamız daha çevik, fəal olub və biz Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında bunun şahidi olmuşuq. Lakin problemlər həll olunmayıb. Məsələn, Mərkəzi Afrika Respublikasında xəstələri və yaralıları ölkənin ucqar bölgələrindən çıxarmaq üçün 24 saat fəaliyyət göstərəcək helikopterlərə ehtiyac var”. O, bu məsələdə BMT-ni dəstəkləmək üçün iclasda iştirak edən müdafiə nazirlərinə müraciət edib.
A.Quterreş qadın hərbi qulluqçuların sülhməramlı missiyada daha fəal iştirak etməsinin zəruriliyini də vurğulayıb. Qeyd edib ki, son bir il ərzində qadın sülhməramlıların sayı iki dəfə artıb.
BMT baş katibinin müavini, təşkilatın sülhməramlı əməliyyatlar departamentinin rəhbəri Jan Pyer Lakrua qeyd edib ki, konfransda 130 ölkənin nümayəndələrinin iştirakı hökumətlərin sülhməramlı missiyaya sadiqliyinin göstəricisidir. Onun sözlərinə görə, sülhməramlıların sayı və aparılan əməliyyatlar azalır. Bu, onların daha çevik qüvvələrə çevrilməsi ilə əlaqədardır.