BMT rəsmisi: Mənzil böhranının həlli üçün qlobal əməkdaşlıq və yeni mexanizmlər vacibdir VİDEO
Bakı, 18 may, AZƏRTAC
Bu gün dünya şəhərləri ciddi çağırışlarla üz-üzədir. Şəhərlərin necə planlaşdırılması, dayanıqlı yaşayış məkanlarının yaradılması və sosial rifahın təmin olunması artıq qlobal gündəliyin əsas mövzularından birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında təşkilatın Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.
Bildirilib ki, beynəlxalq platformalar və tərəfdaşlıq mexanizmləri şəhərlərin dayanıqlı inkişafını dəstəkləmək məqsədilə formalaşdırılır. Onun sözlərinə görə, bu çərçivədə beynəlxalq təşkilatlar, hökumətlər və tərəfdaş qurumlar bir araya gələrək urbanizasiya sahəsində mövcud problemləri müzakirə edir və ortaq həll yolları üzərində işləyirlər: "Əsas məqsəd şəhərsalma siyasətinə təsir göstərə biləcək prinsiplərin müəyyənləşdirilməsi, tərəfdaşların birləşdirilməsi və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır. Bu istiqamətdə BMT-yə üzv dövlətlər tərəfindən müxtəlif şəhərsalma planları, təşəbbüslər və layihələr həyata keçirilir".
“Bu gün mənzil və məskunlaşma ilə bağlı böhran təkcə lokal deyil, regional və beynəlxalq xarakter daşıyır. Dünyanın müxtəlif yerlərində insanlar küçələrdə yaşayır, bir çoxları isə mənzil kirayələmək imkanından məhrumdur”, – deyə o bildirib.