Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq
Bakı, 17 may, AZƏRTAC
2024-cü ilin yanvar ayından etibarən Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və Niş şəhərində birgə qazla işləyən elektrik stansiyası layihəsinin icrası enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə keçdiyini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.
Nazir iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın dövlət başçılarının güclü siyasi iradəsi və dialoqu əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib. Maliyyə naziri qeyd edib ki, Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır, ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya kimi sahələrdə geniş və real əməkdaşlıq imkanları formalaşıb: “Eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat-enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyi daha da güclənib”.
Azərbaycanın maliyyə naziri, həmçinin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.