SİYASƏT
BMT Təhlükəsizlik Şurası Kosovonun müstəqilliyini heç vaxt tanımamışdır
Hamburqlu professorun “müqayisəli təhlil”i haqqında qeydlər
Bakı, 20 fevral (AZƏRTAC). REGNUM informasiya agentliyinin verdiyi məlumata görə Hamburq Universitetinin professoru Otto Lüxterhandt müvəqqəti olaraq Bakının nəzarətində olmayan Xankəndi şəhərinə qeyri-qanuni səfər etmiş və orada “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin müqayisəli hüquqi təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.
Almaniyalı alim öz çıxışında demişdir: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın müstəqilliyi haqqında bəyannaməsini özünün qətnamələrindən birində etibarsız hesab etməklə beynəlxalq hüququ pozmuşdur, çünki beynəlxalq hüquq bu cür bəyannamələri, o cümlədən Dağlıq Qarabağın müstəqilliyi haqqında bəyannaməni qadağan etmir. Əgər BMT Təhlükəsizlik Şurası Kosovonu tanıyırsa, onda Dağlıq Qarabağı da tanımağa borcludur(!)”.
Hamburqlu professorun öz müqayisəli təhlilini nə dərəcədə dərin aparmasını deyə bilmərik, lakin o, BMT Təhlükəsizlik Şurası tərəfindən Kosovonun müstəqil dövlət kimi tanınması haqqında qətnamənin və ya başqa bir qərarının dəqiq tarixini və nömrəsini çətin ki, söyləyə bilsin. İkincisi, BMT Təhlükəsizlik Şurası heç kəsə, xüsusən ləğv edilmiş muxtar quruma heç nə borclu deyildir.
Lüxterhandt daha sonra demişdir: “Mən Arsax respublikasına, onun rəsmi nümayəndələrinə məsləhət görürəm ki, onlar bu respublikanın müstəqilliyi haqqında bəyannamənin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmamasını fəal, əzmlə və inamla təbliğ etsinlər, çünki beynəlxalq hüquq bu cür bəyannamələri qadağan etmir”.
Bu barədə kim mübahisə edir? Aydındır ki, heç bir qadağa yoxdur. Mən universitetdə oxuyanda yataqxanada bir qonşum vardı. Arxangelskdən olan bu rus özünü etnik qıpçaq hesab edirdi. Hərçənd, pasportuna, xarici görkəminə, mənşəyinə görə adi pravoslav rus idi. Lakin öz beyninə yeritmişdi ki, qıpçaqdır. Biz hərdənbir onunla zəngləşirik. Bu yaxınlarda mənə bildirdi ki, Rusiyada sonuncu siyahıyaalma zamanı özünün etnik mənsubiyyətini sənədləşdirmiş, rəsmən qıpçaq kimi qeydə alınmışdır.
Buna görə onu cəzalandırmaq olarmı? Buna görə adamı həbsxanaya salmaq, cərimə etmək və ya işdən qovmaq olarmı? Yəqin ki, yox. Rusiya qanunları öz vətəndaşlarının özlərini nəinki qıpçaq, hətta marslı hesab etmələrini də qadağan etmir. Bu, fundamental insan hüquqlarına aiddir - özünü kim istəsən hesab edə bilərsən.
Başqa bir tələbə yoldaşım, tunisli ərəb Moskvadakı Vernadski prospektindəki Tələbələr Evində öz otağını “Tunis ərazisi” elan etmiş və hətta zarafatla qapıya belə bir kağız yapışdırmışdı: “Giriş Tunis vizası ilədir”. Əlbəttə, buna görə heç kəs onu cəzalandırmazdı. Eyni qayda ilə beynəlxalq hüquq istər Kosovonun, istərsə də Dağlıq Qarabağın müstəqillik haqqında birtərəfli bəyannamələrini qadağan etmir. Qadağa yoxdur - belə bəyannamələr sağlığınıza qismət olsun, amma bu, artıq söz azadlığı sahəsinə aiddir. Lakin hər bir bu cür bəyanat avtomatik və universal hüquqi nəticələr doğururmu və hər bir bu cür bəyanat dünyada yeni dövlət yaranmasına gətirib çıxarırmı? Yəqin ki, onların nəticələri təxminən özünü marslı və ya qıpçaq elan etməyin nəticələri kimi olar.
Bizdə İvano-Frankovskdan bir tələbə qız da vardı. Qərbi Ukraynanın nə demək olduğunu izah etməyə, zənnimcə ehtiyac yoxdur. Həmin qız Moskva Dövlət Universitetinin aspiranturasına daxil olana qədər öz Vətənində filologiya fakültəsini bitirmişdi. Təhsil illərinin ortasında ixtisas seçmək vaxtı yetişəndə həmin tələbə qız çox istəyirdi ki, german şöbəsinə düşsün. Lakin müsabiqənin nəticələrinə görə buna nail ola bilmədi və o, şotland linqvistikası üzrə ixtisaslaşmağa məcbur oldu. Bununla belə, sonradan şotland dili və bu xalqın mədəniyyəti onun o qədər xoşuna gəldi ki, xüsusən bu ölkədə üç aylıq məcburi təcrübə keçəndən sonra o, sadəcə olaraq Şotlandiyaya vuruldu... MDU-nun aspiranturasına gələndə o, artıq “etnik şotland” idi. Tam ciddi deyirəm. O, artıq özünü ukraynalı hesab etmirdi, soyadının “-çenko” sonluğu ilə bitməsi onu həddən artıq narahat edirdi, hərçənd onun damarlarında bircə damla da başqa qan (ən azı şotland qanı) yox idi. Güman etmirəm ki, həmin qız öz vətəninə qayıdandan sonra özünü əslində olduğu kimi elan etməməsinə görə onu cəzalandırmış olsunlar. Axı, buna qadağa yoxdur.
Bir sözlə, sən özünü müstəqil dövlət adlandıra və saya bilərsən (qıpçaq və ya şotland kimi), lakin ətrafdakılar, beynəlxalq hüququn subyektləri səni bu cür sayacaqlarmı? Bu sualın bir cavabı var - HAMILIQLA TANINMA! Belə bir tanınma olmadıqda isə, bağışlayın, siz özünüzün hesab etdiyi subyekt deyilsiniz.
Bir neçə il bundan əvvəl Lakota hindi qəbiləsi özünün dövlət müstəqilliyini, habelə Cənubi və Şimali Dakota, Minnesota və Nebraska ştatlarının ABŞ-ın tərkibindən çıxmasını elan etmişdi. Beynəlxalq hüquq bu cür birtərəfli bəyannamələri qadağan edirmi? Əlbəttə, yox. Lakin bu, yeni dövlət yaranmasına gətirib çıxarırmı? Yəqin ki, hamburqlu professor öz “müqayisəli təhlilini” məhz bu müqayisə kontekstində aparmalı idi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Bakı