İDMAN
Boks üzrə ölkə çempionatının qalibləri bəlli olmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). Bakı İdman Sarayında boks üzrə böyüklər arasında ölkə çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) uzun fasilədən sonra yenidən Azərbaycanda ən güclü olduğunu sübut etmişdir. “Neftçi” İdman Sağlamlıq Mərkəzinin boksçusu finalda əsas rəqibi Rəhim Nəcəfovu 23:11 hesabı ilə məğlub etmişdir. Samir Məmmədov həm də, yarışın ən yaxşı boksçusu üçün ayrılmış mükafata da sahib olmuşdur.
Yarışın ən gənc iştirakçılarından olan Tural Əhmədov (49 kq) finalda da çətinlik çəkmədən qalib gəlmişdir. Bu il “Böyük İpək Yolu” və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 1-ci olan Əhmədov Sərxan Babayevi 26:6 hesabı ilə üstələmişdir.
Neft ölkələrinin Dünya kuboku turnirində qələbə qazanmış Cavid Çələbiyev (52 kq) ölkə çempionatında da fərqlənmişdir. O, Kamran Məlikov üzərində 21:13 hesabı ilə qələbə qazanmışdır. Dünya çempionatının mükafatçısı Emil Məhərrəmov bu il də ölkə çempionatında finalda uduzmuşdur.
Uzun illər milli komandamızın kapitanı olmuş boksçunun Tamerlan Abdullayevlə həlledici döyüşü 14:14 hesabı ilə yekunlaşsa da, hakimlər qələbəni Abdullayevə vermişlər. Rahib Bəylərov çəkisini dəyişməsinə baxmayaraq, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
60 kq çəki dərəcəsinin final mərhələsində Tapdıq Bayramov “Qızıl Əlcək” klubu 22:12 hesabı ilə Kamran Baxşəliyevi (Rabitə), 64 kq-da Ruslan Qasımov “Neftçi” İSM 22:16 hesabı ilə Nurlan Məmmədovu “Rabitə”, Fariz Məmmədov “Lokomotiv” 17:13 hesabı ilə Yolçu Zeynalovu “Rabitə”, 91 kq-dan yuxarıda Zamiq Atakişiyev (“Naxçıvan” klubu) 20:13 hesabı ilə Fərid Şabanovu məğlub edərək Azərbaycan çempionu adını qazanmışlar.
81 kq çəkidə keçən final mərhələsində Rahib Bəylərov (“General Məhəmməd Əsədov” klubu) - Rəhman Şıxəliyev (Sumqayıt) qarşılaşmışlar, görüşdə tam üstünlüklə Bəylərov qalib gəlmişdir. 91 kq-da isə həlledici görüşdə Hacıbaba Hacıbabayev “Rabitə” - Kamran Mehdiyev “Rabitə” görüşəcəkdilər, lakin Hacıbabayev döyüşə çıxmadığından qələbə Mehdiyevə yazılmışdır.
Ümumi komanda hesabında “Rabitə İdman Klubu 1-ci, “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” isə 3-cü yeri tutmuşdur.