Boksçumuz təsnifat turnirində çıxışını dayandırsa da lisenziya şansını saxlayır
Bakı, 23 iyun, AZƏRTAC
Bakıda “Rio-2016”ya lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün üç boksçumuzdan ikisi rinqə çıxır. Yarış gününün günorta proqramında 75 kiloqram çəkidə mübarizə aparan boksçumuz Kamran Şahsuvarlı dörddəbir final döyüşünü keçirib. K.Şahsuvarlının dörddəbir finaldakı rəqibi “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub.
İlk iki raundda hakimlər O Rillini, sonuncuda isə K.Şahsuvarlını üstün sayıblar. Yekun nəticədə isə K.Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. İstənilən halda, boksçumuz Olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, K.Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı beşincı yerdə tamamlayacaq. Bu da reqlamentə uyğun “Rio-2016”ya vəsiqə deməkdir.
Günün ikinci yarısında rinqə daha bir azərbaycanlı idmançı - 81 kiloqramda döyüşən Teymur Məmmədov çıxacaq. İlk Avropa Oyunlarının qalibi dörddəbir finalda mərakeşli Hassan Saadla münasibətlərə aydınlıq gətirəcək.
İyunun 24-də isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu “Rio-2016”ya lisenziya əldə etmiş olacaq.