CƏMİYYƏT
Bölgələrdə sosial ipotekanın təbliğinə diqqət artırılacaqdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Bölgələrdə sosial ipotekanın təbliği istiqamətində işlər aparılacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının birinci milli konqresinin açılışında iştirak edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində demişdir.
A.Rəhimov bildirmişdir ki, gənclərin problemlərinin araşdırılması üçün bölgələrdə davamlı görüşlər keçirilir. Demək olar ki, regionlarda yaşayan gənclərin 50 faizindən çoxu evsizdir. Buna görə də dövlətimizin başçısı tərəfindən bölgələrdə sosial ipotekanın təbliği ilə bağlı işlərin aparılmasına dair tapşırıq verilmişdir.
Nazir qeyd etmişdir ki, gənclər əsasən mənzil problemindən və asudə vaxtın təşkilindən şikayətlənirlər. Nazirlik bu problemlərin həll olunması üçün müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır.
Gənclərin seçkilərdə fəallığı məsələsinə toxunan nazir bildirmişdir ki, Azərbaycanda 600 min gənc prezident seçkilərində ilk dəfə iştirak edəcəkdir. “Bizim əsas vəzifəmiz odur ki, gənclərin səsvermə məntəqələrinə gəlməsinə nail olaq. Bununla bağlı Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda əlavə olaraq, televiziya kanallarında sosial video çarxlar nümayiş etdiriləcəkdir”, - deyə nazir bildirmişdir.