DÜNYA
Boliviya prezidenti seçkilərin ikinci turunun keçiriləcəyini istisna etməyib
Bakı, 24 oktyabr, AZƏRTAC
Boliviya lideri Evo Morales dövlət başçısı postuna bazar günü keçirilən seçkilərin nəticələrini tanıdığını bildirib və ehtiyac yaranarsa, səsvermənin ikinci turunun keçiriləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, Tvitterdə canlı yayımlanan mətbuat konfransında hələ təxminən 120 min səsin hesablanmadığını bildirən prezident deyib: “Əgər bizim fərqimiz 10 faizdən az olsa, nəticələri qəbul edərək ikinci turda iştirak edəcəyik”.
Bir qədər əvvəl Evo Morales ilk tutun nəticələrinə əsasən, artıq prezident seçildiyini elan etmişdi. Onun əsas rəqibi, ölkənin sabiq prezidenti Karlos Mesa ilk turda Moralesin qələbəsi ilə razılaşmadığını bildirmişdi.
Bülletenlərin 98,42 faizinin hesablanmasından sonra açıqlanan son məlumata görə, seçicilərin 46,83 faizi Moralesə, 36,73 faizi isə Mesaya səs verib.
Boliviyada qüvvədə olan qanunlara əsasən, namizəd ilk turda qələbə qazanmaq üçün 50 faizdən çox və ya rəqibi ilə arasında fərq 10 faizdən az olmamaq şərtilə 40 faizdən çox səs toplamalıdır. Əgər ali dövlət postuna namizədlərdən heç biri bu nəticəni əldə edə bilməsə, dekabrın 15-də seçkilərin ikinci turu keçiriləcək.