İDMAN
Bolqarıstanda güləş üzrə gənclərin dünya çempionatı davam edir [YENİLƏNİB]
Bakı, 14 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparmışlar.
Güləşçilərimiz çempionatın ikinci gününü bir gümüş və bir bürünc medalla başa vurmuşlar.
Sakit Quliyev (55 kq) mübarizəyə 1/16 finaldan başlamışdır. Koreyalı Seung Hak Kim üzərində inamlı qələbə qazanan güləşçimiz 1/8 finalda erməni Gevorg Garibyan ilə görüşdən məğlubiyyətlə ayrılmışdır.
Mübarizəyə 1/16 finaldan başlayan Ruhin Mikayılov (66 kq) Ukrayna təmsilçisi Oleksandr Litvinovu tam üstünlüklə (8:0) məğlub etmişdir. 1/8 finalda Serbiya güləşçisi Mate Nemesi (6:1) üstələyən təmsilçimiz 1/4 finala yüksəlmişdir. Qazax Janibek Kandibayev ilə gərgin keçən görüşdən qalib ayrılan güləşçimiz yarımfinalda Rusiya güləşçisi Abuyazid Mantsigov ilə qarşılaşmışdır. Bu görüş güləşçimiz üçün uğurlu alınmamışdır. Bürünc medal uğrunda həlledici görüşdə Yaponiya təmsilçisi Şohey Yabikuya da (2:3) uduzan R.Mikayılov çempionatı beşinci sırada tamamlamışdır.
Orxan Nuriyev (84 kq) də 1/16 finaldan start götürmüşdür. Macar Zoltan Keri üzərində (6:3) qələbə qazanan güləşçimiz 1/8 finalda qazaxıstanlı Rəşid Koçiyevdən (7:3) üstün olmuşdur. Lakin o, növbəti mərhələdə iranlı Yusif Əhməd Qaderiana (2:3) məğlub olmuşdur. İran güləşçisinin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq şansı vermişdir. Makedoniya güləşçisi Timur Xamikoyevə tam üstünlüklə (7:0) qalib gələn O.Nuriyev həlledici görüşə vəsiqə qazanmışdır. Türkiyə təmsilçisi Doğan Göktaşı (6:2) üstələyən güləşçimiz yığmamıza növbəti bürünc medalı qazandırmışdır.
Yarışların 1/8 finalında Ukrayna təmsilçisi Vladislav Noşaçı (8:2) üstələyən Abbas Abdullayev (120 kq) 1/4 finalda iranlı Behnam Şajaeiağadam ilə qarşılaşmışdır. Gərgin keçən görüşdə (8:6) üstün olan güləşçimiz yarımfinala yüksəlmişdir. ABŞ təmsilçisi Samuel Paul Stollu da məğlub edən güləşçimiz finala vəsiqə qazanmışdır. Finalda rəqib Rusiya güləşçisi Sergey Semyonova uduzan A.Abdullayev gümüş medalla kifayətlənmişdir.
Ümumilikdə, bir gümüş və üç bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 47 xal toplayaraq komanda hesabında dünya ikincisi olmuşlar. Birinci yeri tutan Rusiya güləşçiləri 65 xal, üçüncü nəticə göstərən İran yığması isə 42 xal toplamışlar.